Hələ sevinməyə tələsməyək!

Qarabağ” “Visla” səddini də adlamağa yaxındır. Amma hələ sevinməyə tələsməyək. Polşadan əla nəticə ilə dönən komandamız doğma azarkeşləri önündə məğlub da ola bilər. Çünki “Visla” belə asanlıqla keçiləsi rəqib deyil. Ona görə Bakıdakı oyuna çox ciddi yanaşmaq lazımdır.

“Portadaun”la oyundan sonra söyləmişdik ki, yaradılan qol imkanlarının sağa-sola xərclənməsi “Visla” ilə oyunda problem yarada bilər. Əslində ciddi təhlil aparsaq, yaratmışdı da. Amma polşalılar da ələ düşən imlanlarından istifadə edə bilmədi, çox vaxt da Fərhad buna imkan vermədi.

Rəqib qol buraxandan sonra hücuma atıldı ki, bax, bu anda onları cəzalandırıb elə mərhələnin taleyini də Polşada həll edə bilərdik. Amma Emin İmaməliyev 3 dəfə ən rahat qol imkanından istifadə edə bilməyərək topu göyə vurması yekun nəticədə bizi çox məyus edə bilərdi. 1 dəfə isə Vüqar Nadirovun zərbəsinin qapıçının üstünə getməsini də bura əlavə etsək, ən azı özünü itirmiş “Visla”ya 3 top vurmaq olardı.

Amma vurmaq əvəzinə az qala hər şeyi məhv edəcəkdik. Emin İmaməliyev sağa-sola xərclədiyi imkanları qola çevirmək əvəzinə, lazımsız anda lazımsız yerə rəqibi yıxmaqla penalti zərbəsinə səbəb oldu. Artıq oyunun heç-heçə bitəcəyini düşünürdük ki, Fərhad bir az da bəxt sayəsində rəqibin penalti zərbəsini qaytarmağı bacardı.

Bu artıq bizim də qələbəmizi istəyən hər şeyin sahibi olan Allahın bizə hədiyyəsi idi. Amma çox heyf, qol şanslarından yararlana bilmədik. Kaş bu anlara Bakıdakı oyundan sonra heyfslənməyək. “Qarabağ”ımızı növbəti mərhələdə görək.

Haydı, Azərbaycanımızın və Qarabağımızın aslanları, irəli!

P.S. Yazılarımı oxuyanlar yəqin xatırlar ki, ölkəmizdə futbolun inkişaf etdiyini söyləmək üçün meyarım vardı. Bəzi Avropa ölkələrinin komandalarını keçmək. Onların sırasında Polşa klubları da vardı. Deyəsən az qalıb. Bu komandanı keçin və mən Azərbaycanda FUTBOLUN İNKİŞAF ETDİYİNİ müəyyən mənada qəbul edəcək və söyləyəcəyəm.

P.S.S. Hər dəfə bir ilkə imza atan “Qarabağ” bu dəfə də yenilik etdi. Vüqar Nadirov Azərbaycan klubları tarixində Avrokuboklarda meydana çıxandan 20 saniyə sonra qol vuran ilk oyunçu oldu. Bəlkə də bu məqam elə Avrokubokların da ilkidir. Araşdırmağa və izləməyə dəyər.

YouTube Preview Image

Tags: , , ,

Cümə, İyul 30th, 2010 Avroliqalar, Azərbaycan futbolu, Klublar

Hələ heç bir şərh yoxdur.

Şərh yaz